Etirafım: Sənə qurban…


Giriş: Əsas sevgi

Bu yazımı, etirafımı Emma Ələkbərzadənin ifasında olan və çox sevdiyim “Sənə qurban” mahnısını dinləyərək, bu mahnıdan təsirlənərək yazıram.

Dostluqdan başlar əsl sevgilər, ağılda doğar, qəlbin sakini olar sonra…

Sevgi gələndə xəbərsiz gələr, əsl sevgi baxmaz hazırsan, ya yox, açıqdır qapın, yoxsa bağlı… Gələr, yaşayar, cavabsız olanda daha çox böyüyüb yer alar, əsarətinə çevirər insanı…

Əlçatmaz olduqca, sevgi subyektin, sevdiyin insan daha çox sevərsən… İstəməsən də…

Mübarizə apardıqca, unutmağa çalışdıqca, sevgi də mübarizə aparar, unutmağa qoymaz və insanı öz məğlubuna çevirər.

Sevginin əsas qidası insanın onun varlığını inkar etməsi, ona inanmaması, “sevmirəm” deməsidir.

İlk tanışlıq

Onunla uzun müddət virtual aləmdə tanış idik, sosial şəbəkədə dost siyahımda idi, yazışmırdıq, bayramdan bayrama yazışıb təbrikləşərdik. Bir neçə dəfə görüşmək qərarına gəlsək də, görüş alınmırdı. Hər dəfə sanki nəsə mane olurdu görüşməyimizə…

İlk görüş günümüzdə mən keçdiyim tam tibbi müayinənin nəticələri, etdiyim təhlillərin cavabını almışdım. Keyfsiz idim. İçimdə ağlayırdım. Qoyulan diaqnoz, ümidsizlik, gizlətməyə çalışdığım göz yaşlarım. Təsadüfən o yazdı. Sanki hiss edirdi. Təsadüflərə inanmıram. Salamlaşandan sonra hal-əhvalımı soruşdu, harada olduğumla maraqlandı, işdən sonra görüş təyin etdik. İndiyədək yadımdadır. İçərişəhər metrosunun çöl çıxışının önündə görüşməliydik. Hava soyuq olduğundan görüşü metronun çıxışının iç hissəsində təyin etmişdim. Içəridə onu görməsəm də, qapının önündə hündür boylu, gülərüzlü bir nəfərin dayanıb eskalator tərəfə baxdığını gördüm. Onu görən kimi tanıyıb gülümsündüm Məni tanıdı.

İkimizin də iri çantası vardı. Yüklənmiş iri çantalar. Sanki bütün yükümüzü, dərdimizi, həyatımızı o iri çantalara yükləyib özümüzlə götürürük haraya getməyimizdən asılı olmayaraq.

Çox gülərüz, mehriban, zarafatcıl idi. Səsi həlim, rahat, sakit, danışığı aram ilə, aydın idi. Baxışları da, səsi, təbəssümü ilə birlikdə adamı valeh edirdi. Unutmuşdum o gün nələr yaşadığımı. Göz yaşlarım da axmırdı. İlk görüşdən tam rahat, təbii və səmimi olduq. Hər mövzudan danışdıq. Piyada dağüstü parka qalxdıq, oradan qaranlıq gecədə yuxuya gedə bilməyən, üzdə gözəl, daxilən və mənəvi baxımdan yorğun, bezmiş, dolmuş, incimiş Bakımı gördüm. Düz 1 il bundan əvvəl idi. O qədər danışdıq ki, saatdan belə xəbərimiz olmadı. Metronun bağlanmasına az qalmışdı. Qaçaraq çatdıq metroya. O, metroyadək məni ötürdü, özü avtobusla getdi evinə. Hərə öz evinə. İlk görüşdə o qədər xoş və pozitiv təəssürat oyatdı, pozitiv enerji ötürdü ki, pis hər şey unuduldu, sanki intihar haqda düşünən və həyatdan bezən insan deyildim. Üzüm gülürdü, çox sevincli idim, metroda insanlar mənə baxırdı, düşünürdülər ki, dəli olub. Amma mən dəli olmamışdım, sevgi gəlmişdi. Öncə elə bildim dost sevgisi və bağlantısıdır.

Zamanla tez-tez görüşməyə başladıq. Novruz tətili günlərində 2 dəfə görüşdük. İçimdə həyəcan, sevinc var idi. Xoş nələrsə baş verirdi. Onun yanında o qədər sevincli, xoşbəxt, rahat olurdum ki, ayrılmaq, evimə getmək istəmirdim. Evə gəlib hər şeyi yadıma salmaq, ağlamaq. Boğulmaq, depressiya var idi.

Sənə qurban, qurban olduğum…

Bir cavabsız sevgi hekayəsi

O da deyəsən mənə bağlanırdı. Ona çox dəyər verirdim, ona çox bağlanırdım. “O” adlı asılılığım var idi. Dəfələrlə onu evimə dəvət edirdim. Gəlmirdi. Bəlkə istəmirdi, bəlkə cəsarət etmirdi. Onu çox yüksək, ali bir zirvəyə qaldırmışdım ağlım və qəlbimdə. Daha doğrusu onu tanıdıqca, onun haqqında qənaət, fikirlərim, hisslər onu ora pillə-pillə qaldırmışdım.

Çox istedadlı, yaradıcı, maraqlı, cəsarətli və fərqli düşünən bir insandır. Bir də bəzən yorğun, bəzən dərin, bəzən məsum gözəl gözlərindəki baxışları. Sanki ovsunlayırdı. Az danışırdı, baxışları hər şeyi deyərdi.

3 ay dost kimi dost kimi görüşəndən sonra ona olan sevgimin dost sevgisindən artıq olduğunu anladım. O isə məni sevmirdi. O, mənə hörmət edirdi, xətrimi istəyirdi, dost kimi dəyər verirdi. Bu qədər…

Cavabsız sevgi daha güclü, daha səmimi, daha təbii, daha məsum, daha ali və əsl sevgi olur. Sadəcə bircə yalan var, o da ki, sevdiyini deməmək, susmaq…

Sevdiyimi anladığım gündən ona daha yaxın olmaq istəyirdim. Amma qeyri-mümkün, olmaz olduğunu anlayırdım. Getdikcə uzaqlaşır, soyumağa çalışırdım, ondan qaçırdım.

Onun həyatında başqa birisi vardı. Ciddi idi onunla hər şey. Bunu dediyi andan bir çarəm var idi, onun həyatından çıxıb getmək, artıq olduğunu anlamaq xoşagəlməz hissdir. O gün gecəni yatmadım. 3 gün ağlamaq istəsəm də, ağlaya bilmədim, içimə saldım, ürək ağrılarım artmağa başladı. Daha çox havada olmaq, piyada gəzib fikirlərimi dağıtmaq, həyatıma başqa dostları, rəfiqələri salıb, onlarla görüşmək, əylənmək, yeni hobbilərlə məşğul olmaq, idman və rəqsə başlamaq, işdən evə gec gəlməyə başladım. Bütün bunlar onu unutmağım üçündür. Amma alınmırdı. Sevgim böyüyürdü, artırdı hər cəhdlərimdə. O, unutmurdu məni, axtarırdı, yazırdı. Son bir çıxış yolum vardı, o da onu özümdən küsdürmək, özümə qarşı nifrət və qəzəb hissini oyatmaq. Etdim bir neçə hərəkət. Buna belə aqressiv münasibət bəsləmədi. Səbr etdi, gözlədi. O qədərə saf, qəlbi təmiz, xoşniyyətli insan idi ki, hər hərəkət və sözümə dözürdü, göz yumur, hirslənmir, anlayışla qarşılayrı, gözləyir və bağışlayırdı. Sevmirdi, hər şey edirdi, məni sevməkdən başqa.

Onu unutmaq üçün içməyə başladım, başqa kişilərlə dost kimi görüşüb vaxtımı öldürməyə, başımı qatmağa çalışırdım.  İçməklə yanaşı, siqaret çəkir, evə gec gəlir, şəhərdə gecə saatlarınadək gəzirdim. İşdə işim, işdən sonra yaradıcılığımla məşğul olurdum ki, o ağlımda və qəlbimdən bezsin. Sevgi bezsin, tərk etsin.

Dünən ortaq dostumla görüşdüm. Ona danışdım. Mənə dedi ki, “vaz keçmə, mübarizə apar”. Amma mənim kimi səmimi, cəsarətli, saf insan bunu edə bilmir. Başqasından ayıra bilmir onu. Etiraf edə bilmir. Bu qədər eqoist ola bilmərəm. Kimisə bədbəxt edə bilmərəm.

Özümə söz vermişəm, ona deməyəcəyəm. Sadəcə vidalaşacağam və birdəfəlik gedəcəyəm, itəcəyəm onun həyatından. Qoy, xoşbəxt olsun, qoy həyatına mənim varlığım və dostluğum olmadan davam etsin. Ən yaxşı çıxış yolu susaraq getməkdir, ən doğru yol susaraq vidalaşmaq və onun varlığını iqnor etməkdir. Həyatına davam etməyə çalışmaqdır. Ortaq tanış və dostlar çoxdur. Onlardan da uzaqlaşmalıyam. Onun adını eşitdiyim, onun ola biləcəyim hər yer, hər kəsdən uzaq olmalıyam. Ortaq maraq, mövzulardan imtina etməliyəm, çünki yaşamlıyam, nə qədər ömrüm qalıbsa, onu yaşamalıyam.

Ondan mənə qalan yazışmalarımız, qonaqlıqda dostlarla birgə çəkilən şəklimizdir.

Bilsəydim

Səni sevəcəyimi bilsəydim əgər, görüşməzdim səninlə…

Bu qədər bağlanacağımı, dəyər verəcəyimi, mənə doğma olacağını bilsəydim əgər, uzaqlaşardım, soyuyardım səndən vaxtında…

Öncədən bilsəydim əgər, var bir başqası, dostluğumuzu bitirib sevməzdim səni…

Səni unuda bilməyəcəyimi bilsəydim əgər, yada salan xatirələri format edərdim bu günədək…

Nə yaxşı ki, blok etmisən məni səhifəndə, oxumuram fikirlərini, yazılarını, baxmıram şəkillərinə, şərhlərdəki cavablarını oxuduqca, təhlil etmərəm. Səndən asılılığım azalır. Ümid edirəm.

Qəmiş olmuram sənə, şüvən də qopartmıram. Sükunət xaricimdə, fırtına daxilimdə… Susuram, rola girirəm, heç nə olmamış kimi…

Ağlamayacağıma söz vermişəm, qəlb və vicdanımdan imtina etmişəm bu ildən. Bəlkə kömək etdi mənə sevgini incidib küsdürməyə, həyatımdan birdəfəlik qovmağa onu…

Hər şeydən çox istəyirdim yenidən sevmək… Amma sevdim, o da bəxtimdən cavabsız…

Son: Vida

Son cümləm: “Səni çox sevirəm, vidalaşmağı, ayrılmağı sevmirəm, amma yenə də əlvida, çox sevdiyim üçün səndən uzaqlaşıram.”

Bu sevgini Şövqət Ələkbərovanın ifasında “Qəmgin mahnı” mahnısı sədaları altında unutmağa və yola salmağa, onunla vidalaşmağa çalışıram. Hər şeyi gərək format edim. Sabah yeni həftə, yeni gündür.

Sevin, sevilin, “sevgi yoxdur, kimisə sevmirəm” deyənlərə inanmayın, yalan deyirlər, onlar əsl sevgiylə sevməyi bacarırlar, sevirlər, sadəcə cavabsız sevgidir.

Sevin, sevilin, amma məni yox. Mən başqasını sevirəm.

Cəsarətli olun, məni nümunə götürməyin, sevirsinizsə, deyin, susmayın. Ən azı cavabını biləcəksiniz.

Dilimdən düşməyir sevgi nəğməsi… Ağlaya-ağlaya…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma