Dəhşətizm-Absurdistanın dəhşətləri… (kiçik, satirik nağıl) 18+


Biri vardı, biri yoxdu:

Bir gün bir filosof, alim, yazıçı, tənqidçi bütün məkan və məmləkətləri gəzməyi qərara alır. Onun çıxdığı məkanın şərqdə yerləşdiyini nəzərə alıb, ilk yolçuluğunu yaxın şərq ölkələrinə etməyi qərara alır. Yola çıxanda, bilmirdi ki, çıxartmaq istədiyi kitab üçün mövzu və yazı ideyalarını məhz bir məkanda tapacaqdır. Sonra yazdığı o kitab məşhur olacaq və bestsellərə çevriləcəkdir. Sağ olsun, Absurdistan!

Amma onu da bilmirdi ki, bu məkana gəlməyinə həm də peşman olacaq, daha doğrusu peşman edəcəklər.Sağ olsun, Absurdistandakılar!

İlk daxil olmaq istədiyi və çətinliklə daxil olduğu məkan Absurdistan olur, analoqu, ataloqu olmayan, rəqəmsal, kosmopolit məkan. Bir ili multimədəniyyətə, bir ili məhz bir dinin  həmrəyliyinə həsr edilmiş, olmayan gənclik, turizm, kənd təsərrüfatı illəri də olan və ortalığa bir şey çıxmayan layihələrlə dolu bir məkandır bura.

Elə sərhəddəcə onu sorğu suala tuturlar ki, üstündə nə qədər pulun var, nə gətirirsən, o olmaz, bu nədir, bu olmaz. Əlindən yazığın hər şeyini alırlar, qalır bir özü, bir də əynindəki paltarı. Yalvarıb yaxarır, təsir göstərə bilmir. Axırda əlindən alınan pulun yarısını verir ki, əşyalarını geri ala bilsin. Öz əşyalarını onun özünə satan əməkdaşlar, vətəndaşlar sevinirlər ki, məkana yeni lox gəlir. Ura! Biri digərinə deyir, o biri digərinə. Beləcə, həmin şəxs haqqında bütün məkan xəbər tutur ki, yeni və sadəlövh lox gəlir, əsl loxlanasıdır.

Yolla gedəndə, bərk acır, özüylə götürdüyü yeməyi sərhəddə əlindən almışdılar deyə, yeyib-içməksiz qalır. Məcbur olur ki, bir yer axtarıb yeyib-içsin. Yaxınlaşır yolkənarı bir əminin kafesinə. Orada bir buna baxırlar, bir geyiminə. Söhbət zamanı biləndə ki, həmin xarici qonaq məmləkətlərində ad qazanmış, məşhuri-cahan loxdur, sevinir ki, bəxti nəhayət ki, onun üzünə gülür. Hə, görəndə ki, pulu xarici valyutadır, qeyri-iş günüdür, qaqaşa deyir ki, bəs banklar işləmir, mübadilə məntəqələri bağlanıb, pulunu qara bazarda dəyişə bilərsən. Orada bir tanış adam var, sənə sərfəli qiymətə valyuta dəyişər. Çox başınızı ağrıtmayım, həmin kafe sahibi dostuna zəng edir, qara bazara bənzər bir yerə aparır xarici qaqaşı, nəyi var, loxlayıb, dəhşətizm dərəcəsində onu məzənnə fərqində aldadırlar, soxurlar, ikisi də xaricidən qopardıqları xarici valyutanı öz aralarında bölüşür. Xaricini aparır öz kafesinə ki, bəs qonaqsan, bizim məkan qonaqpərvərdir, nə istəyirsən sifariş et, pulun yarısını ödə. Menyu gətirirlər. Menyu da ki, 3 il bundan əvvəl çap edilmişdir, köhnə qiymətlərlə, qonaq yeyib, içir, pul ödəmək vaxtı gələndə, hesablayır ki, nə qədərdir hesab, onun yarısını ödəyəcək. Kafe sahibi isə deyir ki, bu 3 il bundan əvvəlki qiymətlərdir, məmləkətdə 2 dəfə devalvasiya olub, inflyasiya da elə sürətlə qaçır ki, qiymətləri dəyişməyi çatdıra bilmirlər. Əlavə xərc olmasın deyə, yeni menyu çap etmirlər. Məntiqli izah və üzücü xəbərdən sarsılan xarici kafe sahibinə onun dediyi və guya ki, endirdiyi qiymətə hesab ödəyib çıxır. Tövbə edir ki, bir də kiməsə inanmayacaq, amma yenə də aldanılacağını hələ bilmir.

Öz özünə düşünür ki, kitab yox, ensiklopediya, seriyalarla kitab buraxa biləcək, bunun üçün yetərincə yol qeydləri, müşahidələri olacaq. Hələ bir gün deyil ki, həmin məmləkətdədir. Artıq yazılası o qədər mövzu vardır ki, gedib bir kənarda skamyada oturub çantasından bloknot və qələmini, fotoaparatını çıxardır, nəsə yazmaq, fotoaparatı ilə şəkillər çəkmək istəyir ki, başının üstünü absurd 3 qaqaş alır və başlayır sorğu-sual etməyə ki, kimdir, nəçidir, niyə burada oturub məkan əhəmiyyətli yerlərin şəklini çəkir, nə yazır? Aparırlar absurd bir bölməyə, sənədlərinə baxıb, həmin loxun olduğuna əmin olurlar, deyirlər ki, məmləkətə icazəsiz giriş edib, fotoaparat, mobil telefonunu məmləkətdə qeydiyyatdan keçirtməyib, bloknot və qələmi isə hələ ki, onlarda qalacaq ki, tərcüməçi tapıb mətni tərcümə etsinlər, əgər siyasi nəsə tapmasalar, qaytaracaqlar, bu isə ən azı bir həftə vaxt aparacaq. Xaricinin canına vəlvələ düşür, maraqlanır ki, necə bu işi tez həll etmək olar?! Buna başa salırlar ki, bəs rəis gəlsin, onunla danış, həll et, o nə desə, onu etsin, yoxsa, deport edəcəklər və əşyaları da qalacaq bölmədə, əlbəttə ki, əşyalarını öz aralarında bölmək niyyətləri var idi, son model planşet, qızıl suyuna çəkilmiş qələm, son model mobil telefon, noutbuk, daha nələr, nələr… Gözlərinə işıq gəlmişdi. Hələ portmanesində olan qızıl plastik kartlar, nağd xarici valyuta. Onlar bu dəbdəbəni son zaman son xarici loxu loxlayanda görmüşdülər. Bu isə ən azı 1 il öncə olmuşdu. Rəis gəlir, razılaşırlar, məcbur olur ki, bahalı nəsə hədiyyə etsin, beləcə ona xas olanları geri ona verirlər, hamısına hörmət edə-edə, çıxır bölmədən. Hələ bölmədəkilər zarafatla söz atırlar ki, “yaxşı adama oxşayırsan, yolunu gözləyirik, bizi darıxmağa qoyma”.

Sevincək olub şəhərə çıxır ki, bilet alıb avtobusa minsin, yaxınlaşır avtovağzala. Avtovağzalın əməkdaşı onun aksentindən dərhal həmin adamın xarici loxun olduğunu bilir, bileti hamıya 3ə satırdısa, ona 9a satır, xarici giley edəndə, 3 dildə yazılmış elanı göstərir ki, absurdistanlı cücələrə pulsuz, böyüklərə 3ə, xaricilərə 9a. Xarici məcbur olaraq, razılaşıb, bileti alır. Məqsədindən dönmək istəmirdi. Əksinə, başına şnə gələcəyini öyrənmək istəyirdi. Bileti ona vermirlər ki, gəlib sürücüyə özləri deyəcəklər. Belə ki, xaricinin burada qeydiyyatı yoxdur, vizasını isə ancaq məmləkətin baş kəndində ala bilər. Avtobusa minir. Avtobusda avtobusdan istifadə qaydalarını diqqətlə dinləyib, dəhşətə gəlir və ilk qeydini etməyə və kitabını yazmağa başlayır. Adını isə “Dəhşətizm” qoyur.

Avtobusda yanında bir dəhşətli absurd vətəndaş oturur, biləndə ki, yanında oturan xaricidir, başlayır dəhşətli şəkildə xarici dildə danışıb özünün dəhşət insan olduğunu gözə soxmağa. Susdurmaq üçün ancaq ya stop düyməsini tapmaq, ya da pul vermək lazımdır. Hələ bu harasıdır. O, tək deyil, özü kimi dəhşətlərdən ibarət absurd ailəsi və uşaqları var. Özü qeyd etdiyi kimi dəhşət və əjdaha kimi uşaqları, od parçaları.

Xaricini qulağına taxdığı qulaqcıq və dinləməyə çalışdığı musiqi belə xilas edə bilməzdi. Dəhşət dilənəndə, başlayanda, dayana bilmir axı. Dəhşətlər belə analoqu olmayandır.

Xaricinin gözünün odunu necə almışdılarsa, əşyalarından bərk-bərk yapışmışdı, yuxulu və yorğun olsa da, yatmamağa çalışırdı ki, olan-qalanını itirməsin.

Danışmırdı ki, bəlkə bu dəhşət insan nə vaxtsa, amansızcasına susar. Özü həm də susurdu ki, özünü zibilə salmasın.

Bu dəhşət isə məmləkətindən tutmuş var-yoxuna qədər hər şeydən danışdı, gah şikayət etdi, gah təriflədi, bir-birinə zidd sözlər dedi, özü-özünü inkar etdi, özü danışıb özü eşitdi.

Uşaqları da genetik amilin təsiri altında oxşamışlarına oxşamışdı, sakit dayanmaq, ictimai yerdə özlərini aparmağı bacarmırdılar ki… Bu da azad tərbiyə… “Dəymə, amandır, uşaqdır uşağım” prinsipiylə tərbiyə edilmiş dəhşətli od parçaları idi. Kimisi bərkdən qışqırır, kimisi ağlayır, kimisi xaricinin saçlarını, saqqalını dartır, gözünü çıxartmağa çalışır.

İndi isə onun gəldiyi məmləkət haqqında bir az məlumat verim:

Gəldiyi məkanın adı Absurdistandır, analoqu olmayan Absurdluların məkanı… Böyüyündən kiçiyinə kimi əhalisi absurdlulardan ibarətdir. Absurd olmaq istəməyənlər isə analoqu olan məmləkətlərə üz tutur, özü də ki, düz gedirlər ha, geriyə baxmadan, dönmədən, ailəvi.

Analoqu olmayan, absurd məkanın təməli dəhşətizm daşlarından hörüldüyündən, adamları da dəhşətdir, hadisələri də. Burada vardı dəhşətlər, yoxdu dəhşətlərlə mübarizə aparan pəhləvan və igidlər.

Burada o qədər dəhşətlər baş verirdi ki, dəhşətli mediası belə onları tez-tez yeniləyə bilmirdi, çatdırmırdı. Hər günə ən azı 10 yeni dəhşət mövzu gəlirdi.

Burada ən sevimli məşğuliyyət qeybət etmək, ictimai müzakirə və qınağa mövzu tapmaq, mübarizə hərəkatı yaradıb, üzvləri cəlb etməkdir. Bu da bekarçılıqdandır. İş-güc sahibi olan insanların belə şeylərə vaxtı hardandır ki?!

Baş kənddə:

Baş kəndə çatanda, xarici lox qaqaş avtobusdan düşməyə tələsdi, yerdə olanda elə sevindi ki, ateist olduğunu unudaraq, “Allahına şükür etdi”. Hər şərdə bir xeyir var, bu məmləkətin sayəsində qatı ateist haqq yoluna könüllü olaraq gəlmişdi. Bu isə bir inkişaf, tərəqqidir. Amma tələsməmək lazımdır, yavaşlamaq lazımdır. Yoxsa, yerli absurdlular hiss edər ki, kənar şəxsdir, yenə bir hoqqa çıxardarlar. Hamı kimi olmalıdır ki, yerli olmadığını kimsə hiss etməsin. Buna görə də qısa zaman ərzində diqqətli olmalı, çoxlu müşahidə etməli və absurdluları öyrənməli idi.

Təəccüb etdikcə, öyrənməli, öyrəndikcə, tətbiq etməli, tətbiq etdikcə, onlar kimi olub, dəyişməli idi. Bu iş üçün lazım idi. Bunu etməliydi. Bu məmləkətə girdisə, buradan çıxmaq da lazımdır. Çıxmaq üçün isə bir müddət başını girləməlidir.

Dəhşətizmlə bağlı qeydlər:

  1. Burada insanlara xas nəsə yoxdur, özünə xas nəyinsə olduğunu düşünən insan yanılır, çünki istənilən birisi onu borclu çıxarda və ona xas olanı əlindən alıb, geri ona müəyyən bir qiymətə sata bilər.
  2. “Hamı yerli mal alsın. xeyir vətənə qalsın” pıinsipiylə kim kimə nəyi bacarırsa, soxur, ələxsus da, əgər yerli deyilsənsə, hələ təzə cücərmiş otsansa, səni alaq otları kökləri ilə sarıyıb, məhv edəcək, özün saralıb solacaq, çürüyəcəksən. Ona görə hamı kimi alaq otu olmaq və qəmiş olmağı öyrənmək lazımdır.
  3. Zibili zibil qablarına deyil, hara gəldi atmaq olar, qazonda gəzmək olar.
  4. Yoldan keçən hər kəsə yaxınlaşıb söz atmaq olar. Nə badə yerli birisi kiməsə söz ata, absurdlular bir olmadıqları halda, bu zaman həmrəy olub basıb onu döyəcəklər və “ne pravsan, pravam”söhbətini edib, onu absurd ittihamlarla bölməyə sürükləyəcəklər.
  5. Absurd ittihamlarla kimin kimdən xoşu gəlməzsə, ona “reket və ya xalq düşməni” damğasını vurub şərlədəcək, mələdəcək. Bu terminlər bu əcnəbi üçün yeni idi, çünki onun məmləkətində belə şeylər yox idi.
  6. Kimin hansı kişi və ya qadından xoşu gəlirsə, dərhal absurd və analoqu olmayan “podxod” üsulu ilə girişir, s…, sonra da “otval” verir, müzakirəyə çıxardır, elə bil ki, bəhsəbəsdir, kimdə neçəsi olub, kimlər olub. Hamısında da bir neçə xəstəlik var, bir-birilərini yoluxdura-yoluxdura inkişaf edirlər.
  7. İctimai nəqliyyat, ələxsus metro və Bakubusda onlardan istifadə qaydalarını və qadağaları dinləyəndə, anlayırdı ki, necə bir absurd cəmiyyət və insanların içinə düşüb.
  8. Hər şeydən pul çıxartmağı, insanlara soxmağı, pazlamağı, loxlamağı sevən bir insanların çoxluq təşkil etdiyi bir məktəbdə imtahan verməli olduğunu da anladı.
  9. Absurd uşaqlar və gənclər yetişir, tərbiy, kitab, təhsil üzü görməyən bir nəsil yetişir və hər kəs də bu nəsillə fəxr edir.
  10. İnkişaf etmək əvəzinə, geriyə gedir, bundan da çox razıdırlar.
  11. Elə bir dərəbəylik var ki, insanlar rahatca qaydaları, qanunları pozurlar. Söyüş və təhqirlərin biri-bir qəpiyədir.
  12. Bazar və marketlərdə, xidmət sahəsi obyektlərində, mənzil bazarında, hər yerdə qiymətlər elə bir kosmik həddədir ki, tut ucundan qalx addım-addım qalaktikaya doğru və Allahına yaxınlaş.
  13. Növbə mədəniyyəti, gözləmək, mədəni ünsiyyətdən məhrudurlar.
  14. Hər şeyə görə icazə almaq lazımdır, yoxsa cərimələnmək ehtimalın artır.
  15. Azlıq susur, çoxluğa tabe olduğunu göstərir ki, necəsə sağ qalsınlar.
  16. Öz inanc və dinləri var, guya multimədəni və tolerantdırlar, amma başqa din və ya inanc, millət sahibi görəndə, kimsə seçiləndə radikal yanaşıb, onu daşa basırlar.
  17. Biri digərinin şəxsi işinə və şəxsi həyatına müdaxilə etməyi sevir, hələ ictimai müzakirəyə də qoyur.
  18. Bir-birilərinin beyinlərini yumağa və əsəblərini korlamağa yaman həvəslidirlər, bir-birilərinin sevinclərinə, uğurlarına sevinə bilmir, kədər və uğurusuzluqlarına isə sevinirlər.
  19. Buranı elə üstən bəzəyib, yamayıblar ki, elə bilərsən ki, cənnətə düşmüsən.
  20. Kommunal xidmətlər elə gündədir ki, dəhşətə gəlməmək günahdır.
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma