Köhnə ilin nağılı…


kdr_3852

Foto: Nurlan GM

Biri var idi, biri yox idi…

Bütün nağıllar bununla başlar. Mənim nağılımın nəyi əskikdir ki…

Bir varlılar varmış, onlara varlıqlar deyək. Bir də yoxsullar varmış, onlara da yoxluqlar, yoxsullar deyək. Varlıqları yoxmuş kimidir…

Bir də ki, bu iki qruplaşmanın arasında qalmış padişah varmış.

Varlıların hər şeyi var olduğundan özlərini ölməz və toxunulmaz bilirlərmiş. Fövqəlbəşər varlıqlarmış.

Yoxsulların isə heç nəyi olmadığından özlərini ölən, acından bütün günü  yatan, toxunulan bilirlərmiş.

Bir də arada hakimiyyət varmış. Məhkəmə, media, qanunverici və icraedici…

Bu hakimiyyətlərin isə öz maraqları var imiş. Bayraq külək əsən zaman necə dalğalanırsa, necə əsirsə, bax bu hakimiyyət nümayəndələri də elə imiş.

Varlıların çoxusu bir vaxtlar yoxsul olduqlarından, bir daha o anları və həyatı yaşamamaq üçün əllərindən gələni də, gəlməyəni də edərdilər. Yalan da danışardırlar. Oğurluq da edərdilər. Xəyanət də edərdilər. Hələ digər təbəqəni təhqir edib, borclu çıxarardılar.

Çıxdıqları təbəqəni bəyənməzmişlər.

Hakimiyyətdə olan üç sistem və onun işçiləri çox zaman varlı təbəqədə olarmışlar. Qanunu verənlər, yazanlar, qəbul edərək icra edənlər, bu qanunu məhkəmədə qoruduğunu düşünənlər, öz məhkəməsini qurub qərar verənlər varlıların tərəfində imişlər. Aralarında tək-tük yaxşı adamlar varmış, onlar da sakit, savadlı, işgüzar, ağıllı olduğundan bütün yükü çiyinlərində daşıyar, işi onlar görərdilər. Onlar daha çox müşahidə edər, daha çox susardırlar.

Ölkənin adı Analoqu olmayan Absurdistan idi. Absurd hər şey bu ölkədə kəşf edildiyindən və absurd hər bir şeyin analoqu olmadığından bu adı hər kəs ona yaraşdırardı.

Varlıların da analoqu olmazmış, kasıbların da.

Hər iki təbəqə bir birinə düşmən kəsilmişdir, bir-birilərinə nifrət edərdilər.

Hər iki təbəqə yeni il gələndə, bayramlar olanda ümid edərdilər ki, daha yaxşı yaşayacaqlar. Varlılar daha çox vara sahib olacaqlarına, yoxsullar isə yoxsulluqdan canlarını qurtaracaqlarına. Bu da bir absurd istək imiş.

Bir də orta təbəqə var idi. Bacardığı qədər həm varlıları, həm də yoxsulları atmağa çalışırdı. Bu təbəqə ən təhlükəli təbəqə imiş. Çünki hara və nə üçün, nə vaxt işləməkləri və əsl niyyətləri bəlli deyilmiş.

İllərlə varlılar varları ilə varlı yaşayır, yoxsullar yoxları ilə yoxsul yaşayırdılar. Çünki Absurdistanın analoqu olmayan çiçəklənmə və inkişaf dövrü var imiş. Gəlir də xəzinəyə su kimi axırmış. Amma bir gün dövran tərsinə fırlanmağa başlayır. İşlər tərs gətirməyə başlayır. İnkişafımızı düşmənlərimizin acığına yavaşlayası oluruq.

Padişah başbilənləri çağırır yanına ki, məsləhətləşsin. Real vəziyyəti söyləyir. Hərəsi bir “ağıllı fikir” söyləyir. yarınmaq üçün təkliflər edir. Xəzinənin boş olduğunu və təhlükəli mərhələdə olduğunu anlayanda susurlar.

Padişah əmr edir ki, “gedin elə bir sənəd hazırlayın ki, o sənəddən razı qalım və gələcək 20 il üçün inkişafımızı görüm. Amma gopa basmayın ha. Elə sənəd yazın ki, reallaşdırmaq olsun.” Elə sənəd hazırlamayacaq və onu icra edə bilməyəcək şəxsləri isə işdən çıxaracağını xüsusilə vurğulayır. Bizim başbilənlərimizdə elə bir sənədi hazırlayacaq baş olmadığından o sənədi xaricilərə yazdırırlar “Strateji yol xəritəsi” adlı sənədin düz 112 səhifəlik mətni və əlavəsi olur. Hakimiyyət nümayəndəsi olan media bu sənəd təsdiq edilən kimi onu yayır ki, hər 3 təbəqənin rəyini öyrənsin. Başı çıxanlar da, çıxmayanlar da, onu oxuyur. Kimisi inanır ki, gerçək olacaq, xilas yoludur. Kimisi isə inanmır, çünki bu ölkədə hər sənəd yaxşı yazılır, mükəmməl olur, icra edəni olmur, yəni icra edə bilmirlər deyə, icra edilmir, həm də icra edilməsi xeyir etmir deyə, icra edilmir.

Padişaha bu sənədi gətirəndə, o, çox sevinir, razı qalır, ən azı çünki 10 illik plan və keçmiş vəziyyət təhlil edilir, proqnozlar verilir. Elə təkliflər verilir ki, oxuyan elə bilər ki, Absurdistanın dövlət televiziyası olan tv-nin göstərdiyi səfalət içində yaşayan, dağılmış qərb ölkələrinə düşəcək, uşaq kimi sevinirlər ki, nəhayət ki, kimsə bizi xilas edəcək.

Ay-hay…

Vay-vay hələ qabaqdadır. Çünki onu icra etməyə nə xəzinədə pul var, nə pullar əvvəlki kimi su kimi axmır xəzinəyə, nə də ki, başbilən kadrlar var. Çünki başbilən kadrların hamısı bu absurd, analoqu olmayan ölkədə yaşaya bilməyəcəklərini çoxdan anlamış insanlar imişlər və vaxtında başlarını götürüb qaçmışlar.

Padişah sənədi oxuyub bitirəndən sonra soruşur ki: Yaxşı yazmısınız, bəs o pulu haradan tapacaqsınız?

Xüsusi vergili bir adam deyir ki, “o işi mənim öhdəmə buraxın, məndə olan ideya və vergili təkliflərlə elə gəlir gələcək ki, xəzinəyə, hələ “çox sağ ol” deyəcəksiniz”

Gömrükdən hər şeyin absurd yollarla  keçirilməsini məhdudlaşdıran, yazdığı məcəlləni danan, amma necəsə xəzinə pullarının çıxarılmasına göz yuman gömrükçü başbilən də deyir ki, ay vergili dostum, sən vergini yüklə, mən də gömrüklə sıxım, yığılan pulları bir daha yığaq ki, xəzinədən savayı, daha iki belə xəzinəni dolduraq.

Bu zaman xəzinə işinə baxan şəxs deyir ki, “görün neyləyirsiniz, gümanımız sizədir”

Heç vaxt səsi çıxmayan baş başbilən isə “Əla, pakizə, razıyam” deyir, məclisi və iclası yola verir.

Hamı pul çapedən və pula görə məsul olan baş bankçıya baxır, o da anlayır ki, bu da xətirləri əziz olan insanları necəsə dəstəkləməlidir: “Deyir ki, əvvəllər, maliyyə bazarı və institutları məndə idi, nəsə edirdim, indi məndə deyil, günah məndən getdi, amma nə təklif etsəniz, dəstəkləyəcəyəm” deyib, pası ötürür, yeni yaradılmış absurd ölkənin analoqu olmayan maliyyə bazarlarına nəzarət qurumunun rəhbərinə. O, da cavan olsa da, min vergili, gömrüklü, pullu adamı suya aparıb susuz gətirə bilər. Sözə dəstək üçün deyir ki, “Pulu yığmaq o mənim böyük gözlərim üstə, qəpiyindən tutmuş kağız pulunadək yoxsulların əlində nə varsa, alacağam”.

Olmayan absurd və analoqsuz iqtisadiyyatın qeyri-neft sektorunu necəsə inkişaf etdirən iqtisadiyyata cavabdeh şəxs isə deyir ki, “xaricdən pulu cəlb etmək də mənlikdir.” Bu müəmmalı işə görə hər ay ən azı iki ölkənin biznesmenləri bir araya gəlməliymiş.

Özləri yoxsul olmadığından və varlı təbəqəni dəstəklədiyindən, yenə olan yoxsullara olur. Yenə yoxsullara soxurlar, sözü də, pazı da, cəriməni də, gömrüyü də, vergini də…

Hə, az qala unutmuşdum, göydən üç alma təpəmizə düşməmiş, bu ölkədə yoxsulların sayını hər cür azaltmağa çalışırlar. Ya ölkədən getməsinə şərait yaratmaqla, ya da acından qırmaqla. Çünki yoxsul təbəqə çoxluqdur, çünki çoxluq p….dur onun üçün, artıq zibildir.

Ona görə də gah qaralmış neftçilər batır, gah bir hündürmərtəbəli bina yanır, gah da azğınlaşıb bir-birini qırırlar. Varlılar isə kənardan baxıb sevinirlər.

Bir də ki, torba tikirlər, peşəkarcasına, bir də qazmaqla araları yaxşıdır.

Nə torbamı tikin, nə də ayağımın altını qazın.

Elə bilərsiniz, Azərbaycandan yazmışam?! Tövbə! Adını yazmışam axı, söhbət Analoqu olmayan Absurdistandan gedir.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma