21-ci əsrdə artan Populizm yalanı (müəllif: Fərhad Mehdiyev)


fm-1
Hüquqşünas, politoloq Fərhad Mehdiyev

Populizm bir məfhum olaraq, siyasət elmində nisbətən yeni bir anlayışdır. Hətta ona hələ də elmi bir izahat verilməmişdir. Jan-Werner Müller adında bir siyasət elmləri üzrə professor bunun haqqında ilk dəfə əsər yazmış insandır.

Populist siyasətçilər, demokratiyanın zəif nöqtələrinə vurğu edərək, müxtəlif ideologiyaların (sosial-demokratiya, liberalizm, majoritarizm) yaxşı cəhətlərini şüar edərək, onlardan bir “kokteyl” düzəldərək mövcüd rejimə, ideologiyaya, ya da hökümətə qarşı çıxma, onu tənqid etmədir.

Populistlər sağcı və solcu ola bilər. Dindar və ateist. Hər halda, populistlər müxtəlifliyi inkar edir. Populistlər hər fürsətdə müxalifləri “vətənə xainliklə” ittiham etməyi sevir. Çünkü vətənə xəyanət ittihamı olduqça geniş, əhatəedici bir hücum növüdür, digər tərəfdən onun sübutlarının olub-olmadığını avam xalq üçün anlamaq çətindir. Bir başqa dünya görüşünə sahib olan insanı populistlər asanlıqla vətənə xəyanətlə ittiham edir, çünki düşünüb başqa əsaslı bir ittiham tapmaq üçün əqli inkişafları ümumiyyətlə əl vermir.

Populistlər getdikçə artır, məsələn Almaniyada “Almaniya üçün Alternativ – AfD”, Türkiyədə 2010 sonrası AKP, ABŞ-də Tramp və onun davamçıları, tipik populist siyasətə bir nümunədir.

Populist siyasətlərin ən sıx – sıx dilə gətirdikləri problemlər bunlardır (ölkədən ölkəyə bunlar dəyişə bilər): miqrantlar, işsizlik, siyasi elitlərin korrupsiyalaşması, xalqın problemlərinin eşidilməməsi, dünya imperializmi, radikal dindarlar və terrorizm. Populistlərin qabartdıqları və müdafiə etdikləri dəyərlər isə bunlardır: milliyətçilik, vətən, demokratiya, regionçuluq, müstəqillik, vətən xainləri ilə mübarizə.

Populistlərin düşməni pluralist demokratiyadır. Populistlər söz verir ki, işsizliyi tamam aradan qaldıracaqlar. Savadlı insan bunun yalan bir vəd olduğunu anlayır, çünki bazar iqtisadiyyatının olduğu yerdə işsizliyin olmaması mümkün deyildir. Populistlər işsizlik müavinətinin xeyli artıracağını deyirlər, lakin bunu vergilərin artıracaqlarının hesabına edəcəklərini xalqdan gizlədir.

Populistlər yerli sahibkarın qorunacağı vədini verir, lakin hakimiyyətə gəldikdən sonra hökümət satınalmalarında öz qohumlarına və dostlarına üstünlük verəcəklərini gizlədirlər.

 

Populizmin məqsədi

Populistlərin düşməni pluralist (müxtləlifli) demokratiyadır, məqsədləri isə sərhəd tanımayan hakimiyyətdir. Bu hakimiyyəti ələ keçirmək üçün onların yalanları hər yerdə eynidir – hakimiyyətin mənbəyi xalqdır, buna görə xanım Merkel miqrantları deyil, Almaniyanın əsl xalqı olan almanları düşünməlidir, ona səs verən almanların istədiyi kimi davranmalıdır və süriyalı qaçqınları ölkədən çıxarmalıdır. Eynisini Tramp da demişdi.

“Populizm sadəcə anti-liberal deyildir, o eyni zamanda anti-demokratikdir” haqlı olaraq vurğulayır Müller.

Avropa ittifaqına da 54 millard avroluq mal satan Türkiyənin prezidenti Erdoğan da deyir ki, Almaniya bizi qısqanır, ölkəmizi bölmək istəyir, çünki qısqanmasaydı  Almaniyadaki bütün kürdləri ölkədən çıxarardı. AKP-nin rəhbəri düşünmür ki, Avropada pluralist demokratiya var, ifadə azadlığı da ən geniş dərəcədə orada qorunur. Ayrıca bu Türkiyəni bölmək istəyən Qərb, hər il ora minlərcə turistin getməsinə heç bir əngəl törətmir, ki bu əngəli 2015-ci ildə Rusiya qoymuşdu. Bu da sizə fərq – turistin seçiminə qadağa qoyan Rusiya, və AKP-ni sevməməsinə baxmayaraq turistlərin gedişinə heç bir meneə törətməyən azadlıqçı Avropa.

Məqsəd nəzərə alındıqda, Saakaşvilinin populist olub – olmadığı mübahisəlidir. Saakaşvili korrupsiya ilə mübarizə aparmış, seçkiləri saxtalaşdırmağa çalışmadan öz vəzifəsini bir başqasına vermişdi.

 

Populizmin güclü cəhəti – nifrət danışıqlarının inandırıcılığı

Populizmin ən güclü cəhəti, pluralist demokratiyaların mükəmməl və ideal idarəetmə modeli olmamasıdır, ki demokratiya onun belə olmadığını özü də etiraf edir. Pluralist demokratiya sadəcə olaraq, fərdi azadlığı təmin etmə baxımından bügünə qədər bilinən ən uğurlu modeldir. Populistlər isə daha ideal bir model vəd edir amma tarixdə bu günə qədər, uğurlu bir populist modelin olduğu misalını əsla dilə gətirmir. Lakin Türkiyədə bəzi siyasətçilər biraz daha irəli gedərək, Çin və Hindistanın dünyada olduqça inkişaf etdiyi yalanını deməkdən çəkinmir. Məsələn demirlər ki həm Çin həm də Hindistanın xalqı olduqça kasıbdır, istehsalatın vacib bir hissəsini də Amerikan şirkətləri üçün aparırlar. Yalan, populist siyasətin bir vasitəsidir. Məsələn Rusiyada hələ də bu yalanı camaata sırayırlar – rus insanı çox xoşbəxtdir.

Populizmin bir digər güclü tərəfi, dünyagörüşünə sahib olmayan və siyasi prosesslərin bixəbər olan seçiciyə birbaşa təsir göstərib, onu yanına ala bilməkdir. Bunun üçün populizm insan psixikasının zəif bir cəhətindən istifadə edirlər – qorxu halında birləşmə, daha az tələb etmə, daha az düşünmə refleksindən. Bu refleks hər canlıda mövcuddur. Bu siyasi texnika isə belə işləyir – siyasətçi öz danışıqlarında düşmən obrazı yaradır. Düşmən daxili və xarici ola bilər. Bu düşmən vətəni və xalqı məhv edə bilər, bunun qarşısını almaq üçün isə dövlətə (siyasətçilərə) müstəsna səlahiyyət verilməlidir.

Lenin, Stalin və Hitlerin yolu bu idi. Trampın düşmənləri müsəlmanlar idi. İranın düşməni isə şeytan Amerikadır. Türkiyənin düşməni Qərb və imperializmdir. Eyni Qərb Rusiyanın da düşmənidir. Daxili və xarici düşmənlərin xofu cəmiyyətə o qədər aşılanır ki, qonşu qonşudan şübhələnib, onu gizlicə şərləyə bilirdi.

Yeni artan modern populizmin digər güclü cəhəti, informasiya texnologiyalarından və mediadan qeyri-dürüst bir formada istifadə etməsidir. Hakimiyyətə gəldikdən sonra populistlər səlahiyyətlərdən geniş şəkildə sui-istifadə edir, yalanları üzə çıxmasın deyə, şəffaflığı boğur, sərbəst medianı məhv edir, sindirmə və aldatma metodları ilə hakimiyyətlərini saxlamağa çalışırlar.

Miqrant axını isə qərbdəki populizmi bəsləyən bir fenomendir. Avropada milliyətçiliyin artmasına səbəb olan iki əsas amil – iqtisadi böhranla birləşən miqrant axınıdır.

 

Populizmin zəif cəhətləri

Populizmin əsas zəif cəhəti, empirik yolla onun sübut edilməməsi, hətta onun yalan olmasının aşkar olmasıdır. 20-ci, ya da 21-ci əsrdə uğurlu populist siyasətin misalını göstərmək demək olar mümkün deyildir. “Uğurlu” deyəndə bunları nəzərdə tuturam – azadlığı, iqtisadi rifahı, sosial ədaləti və sülhü bir arada təmin edilməsidir.

Populizmin digər əksik cəhəti, onun həm də nəzəri olaraq bir bütovlüyə sahib olmamasıdır. Populizmin prinsipləri arasında bir uyum və uyğunluq yoxdur, hətta onlar bir-birinə ziddir. Məsələn, Almaniya xaricilərə və xaricə sərhədləri bağlasa, bunun ardınca mal dövriyyəsini də dayandırmalıdır, belə bir siyasət hara götürəcəkdir? Almaniya iqtisadiyyatı geriləcəyi kimi, növbəti bir Avropa müharibəsi də, gec-tez ortaya çıxacaqdır.

Putin iddia edir ki, o ölkənin suverenitetini və təbii varlıqlarını qoruyur. Nəyi qoruduğunu, necə qoruduğunu, kimin üçün qoruduğu isə olduqca mübahisəlidir.

Populizmin digər əksik cəhəti, hakimiyyətə gəlmiş populistlərin avtoritarlığa və korrupsiyaya qurşanmalarıdır. Burada ad çəkməsək də, bir xeyli populist siyasətçiləri ağılda canlandırmaq mümkündür.

 

Rusiya, Çin və Türkiyənin yeni mənəvi dəyəri – asiyaçılıq.

Ruslar avrasiyaçılıq, Çin və Türk siyasətçilərdən bəzilərinin isə asiyaçılıq dedikləri dəyərlər tənqidə olduqça açıqdır.

“Avropa dəyərləri” deyilən anlayışın nə olduğu bəllidir, bunları Avropa İnsan hüquqları Konvensiyasında, BMT İnsan Hüquqları Xartiyasında görmək mümkündür və tənqid olunması da çətindir. Asiyalı siyasətçilərinin tamahkar motivlərinə uymadıqlarına görə inkar edilən bu dəyərlərin əvəzinə, Asiya nə qoya bilmişdir? İnsanların sırf fikirlərini ifadə etdiklərinə görə güllələndiyi Çin dəyərlərini mi? Hansı qlobal dəyəri bu mədəniyyətlər dünyaya aşılaya biliblər?

İslam dinində belə xeyli dəyərlərin (bəziləri mübahisəlidir) olduğu halda, hələ də asiya dəyərlərinin nə olduğu bəlli deyildir, digər tərəfdən “yaşlılara hörmət” deyə bir prinsip Avropada da var və sosial dövlət siyasəti olaraq bütün dünyada gəzən qoca avropalı turistləri görə biləcəyiniz halda, qoca rusları görmək mümkün deyildir – tibbi siğortanın yoxluğu onların həyatlarının tez sonlanmasına gətirib çıxarır.

 

Demokratiyanın qlobal olmasının zərurəti

Populist siyasətçilər hakimiyyətə gəlmək  və onu əldə saxlamaq üçün, milliyətçi duyğuları istismar edərək, milli dəyərləri, mədəniyyəti və maraqları daima qabardır və “qlobal demokratiya” idealını bir aldatma kimi təqdim edirlər. Halbuki biraz irəli düşünsək, demokratiyanın ancaq global olması halında, soyqırım, aparteid və müharibə kimi faciələrin önlənə biləcəyi aydın olur.

Populist siyasətçilərin çoxu adətən savadsız və geniş dünya görüşündən uzaq, demokratik dəyərləri mənimsəməyən insanlardır. Demokratik dəyərlər dedikdə, bunun da elmi bir yanaşması mövcuddur və demaqoq populistlərin dediklərinin əksinə, demokratiya Linkolnun dediyi kimi artıq “xalqın xalq tərəfindən idarə olunması” deyildir. Qulağa xoş gəlsə də, xalqın milli və milliyətçi idarəçiliyi, insanlıq faciələrinin qarşısını ala bilməmişdir. İnsanlığın inkişaf yolunda əsas maneəsi, populizm arxasında gizlənən diktatorlardan daha çox müharibədir. Azərbaycan oxucusu isə bunu daha yaxşı anlamalıdır – şimal qonşumuz öz suvereniteti, milli maraqları adına, bunu xalq istəyir deyərək, Azərbaycana hücum edərsə, əlbəttə bu cür majoritar və robespyeran demokratiya həqiqət və ədalət adına sadəcə bir yalan olar.

Digər tərəfdən Afrika və Yaxın Şərqdə sülh və əmin-amanlıq olmadığına görə, Avropaya olan miqrant axınının qarşısı alına bilmir, bu da Avropalıların rahat yaşamalarına olduqca ciddi bir əngəl törədir. Başqa bir sözlə qonşuluğu sabit və sakit olmayan Avropanın özündə əmin-amanlıq yaratmaq mümkün olmayacaq.

Deməli demokratiyanın əsas məqsədlərindən birisi də, sadəcə konkret ölkədə olan insanın azadlığını təmin etmək deyildir, eyni zamanda regional yanaşmada insan azadlığını təmin etməkdir. Demokratiyanın müasir forması pluralist demokratiyadır, bunun ən yaxşı demokratiya növünü empirik sübutu isə, migrasiya edən insanların seçdiyi ölkələrin məhz pluralist demokratiyaya sahib olan ölkələrdir. Tarix, diplomatiya, hüquq və siyasəti bilənlər, pluralist demokratiyaya alternativ gətirənlərin avatürist, demaqoq və fürsətçil bir yanaşma olduğunu gözəl anlayır.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma