“Ərə get”dən sonra gələn məsləhətlər, ittihamlar


31366_1359437586340_8032144_n.jpg

Foto: Can Akın

Bilirsiniz, ailədə niyə problemlər yaranır?

Tələsirlər, ailə qurmağa… Düşünmədən verilən qərarlar. Tələskənlik, vaxtın keçməsindən qorxmaq…

Tələsirlər, valideyn olmağa… Birdən sonsuz olarlar, birdən yaş keçər valideyn ola bilməzlər… Gec olsalar, bu övladlarının uzunmüddətli planlarını cızırlar, planda övladının və nəvəsinin toyu da var, hökmən…

Nə maddi, nə mənəvi, nə psixoloji, nə də fiziki baxımdan ahəngdar olaraq hazırlıqlı olmamaqlarıdır… İstənilən kənar təsirlərin altına düşmələridir.

Rəqabət, bəhsəbəs… Paxıllıq, qısqanclıq… Pis xislət… Birinin qızı erkən və kənardan baxanda, guya uğurlu ailə qurub, yaxşı cehizliyi var, ər tərəf yaxşı pay gətirib, xoşbəxtdir. Biz niyə geri qalmışıq axı?! O Əjdahadan  niyə bizdə yoxdur? Nəyi bizdən üstündür axı onun?!

Qınaqlar, ittihamlar, atmacalar… Yaş keçir, zaman keçir. İttihamlar, atmacalar, ilan zəhəri ilə dolu sözlər… Bezdirici ünsiyyət və mənəvi təzyiqlər.

Şərtlər və şərait… Bəziləri azadlığa can atdıqlarını, xilas olduqlarını düşünürlər, yanılırlar. Yağışdan çıxıb şıdırğı yağan yağmura düşürlər, islanıb, xəstələnirlər…

Asılı olmaqdan, azad olmamaqdan çəkinmirlər… Bəzi insanlar asılı olurlar, onlardan asılı olmayan səbəblərə görə, bəziləri isə bilərəkdən asılı olurlar… Tənbəllikdən, özlərinə güvənmədikləri üçün…

Hamını özlərinə borclu çıxartmağı bacarırlar… Başqalarına baxıb özünü onunla müqayisə edənlər, geridə olduqlarını anlayanda, hamını günahkar bilir, borclu çıxardırlar… Halbuki, ən böyük günahkar çox zaman özləri olurlar.

Ailə quranadək bir neçə mövzu üzrə söz-söhbət olur, ailə qurandan sonra başqa mövzularda… Obyekt, subyektləri dəyişməz qalır.

Bir ailənin ki, bünövrəsi neqativ fikir və istək, niyyətlərlə, sözlərlə qoyulur, zəhərlənmiş olur, dağılmağa məhkumdur.

İnsanlar özləri üçün yaşamağı və digər hər kəsin işinə qarışanları susdurmağı bacarmırlar. Ailə üzvünü susdurmaq daha asandır, bir-iki nəfərə gücün də çatar, sözün də keçər. Bəs çoxluğa? Çoxluq vaxt itkisidir, çoxluq çox zaman haqlıdır? Çoxluq kənardan görür? Görmədiyimizi görür? Ya görmək istədiyini gerçəklik adı ilə sırıyır?

İnsanın asılılığı olmamalıdır. Bunun üçün insan təhsil almalı, işləməli, öz evi olmalıdır, kirayə də olsa, ayrı yaşamalıdır. Həyata müəyyən yaşdan sonra atılmağı bacarmalıdır.  Sərbəst adamın zəif tərəfini bilmək çətin olur, sərbəst adamı idarə etmək çətindir. Ona görə də idarə edənlər, cəmiyyətin yazılmamış qanunlarını yazanlar daha çox nadan, zəif, iradəsiz, savadsız, işsiz gənclər, uşaqlar istəyirlər, zidd gedənləri daşlayırlar ki, çoxluğu idarə edə bilsinlər.

Ailə qurandan sonra insanlar olduqları kimi olur…

Birinin dediyi digərinin boğazından keçmir… Tələbkarlıq, öhdəliklər birliyi pozur… Hərəsi bir padşah olub idarə edir, gəmini sanki kəsib batırır.

Ailə qurandan sonra deyirlər: Döz

Deyirlər: Sevsin, düzələcək.

Deyirlər: Hələ yeni ailə qurmusunuz. Öyrəşənədək belə olacaq…

Deyirlər: Böyüklərə cavab qaytarma, döz, sus…

Deyirlər: Evin ağasıdır. Haqlı olmasa da, haqlıdır. Geri qayıtma… Biz bundan betərinə dözdük…

Deyirlər: Uşaq doğ, bağla onu özünə…

Deyirlər: İnsanlar poliqamdır. Kənarda münasibəti xəyanət kimi qəbul etmə… Bağışla… Ailəyə bağlıdır, səni atmır.

Deyirlər: Boşanma, dağıtma ailəni… Ayıbdı eldən…

Deyirlər: Doğmur, yəqin sonsuzdur…

Deyirlər: Qız hara, təhsil hara, oxumasın, keçirt qiyabiyə, otursun evdə…

Deyirlər: İndidən ipini yığ, sonra çətin olacaq.

Deyirlər: Böyüklər haqlıdır.

Deyirlər: Nəvə istəyirik.

Deyirlər: Oğlan doğ…

Deyirlər: Adını biz qoyuruq, ölmüş kiminsə adını…

Deyirlər: Qızı abort etdir… Oğlan doğ, sonra qızı doğarsan…

Deyirlər: Bir uşaq azdır. Ailədə uşaq çox olmalıdır. Birini də doğ, qoy tək olmasın. Tək uşaqlar eqoist olar. Bir bacısı, qardaşı olsun…

Deyirlər: Kişi işləyir, qadın işləməz. Evdar ol, qadını ol… Başqasında gözü qalmasın…

Deyirlər: Kül təpəsinə… Yaraşmırlar… Gedib tayını niyə tapmadı…

Deyirlər: Bunlar boşanmalıdır. Ailəmizə yaraşmır…

Deyirlər: Qənaət et, pulu yığ.

Deyirlər: Sus, yola ver…

Deyirlər: Gül kimi uşaq idi, nə günə düşdü. Pis gün pisləşdirər insanı, qaraldar…

Deyirlər: Kişi işsiz qalar, sus, axtarıb yenisini tapacaq. Bezdirmə, anla.

Deyirlər: Rəfiqən kimdir axı? Öl öldüyün yerdə… Kişidir o, onun dostu, qonaqlıqları olacaq… Evə gec gələcək… Söz eləmə…

Deyirlər: Zamana burax, dəyişəcək, düzələcək…

Susduqca, dinlədikcə, bir gün partlayır dolmuş şar, təkər…

Kəpənək olub uçmaq, azad olmaq, xoşbəxt, gözəl olmaq əvəzinə, pərvanə olub oda atılır, yanıb ölürsən, ya da tırtıl olub sürünürsən, çirkinləşirsən, iyrənc olursan…

Sonra da ailədə problemlər böyüyür, kənara çıxır… Müdaxilələr isə lap dərinləşdirir vəziyyəti, zibilə düşürsən…

“Qadın ölümünə son qoyun” deyirik, bəs o qadınların övladlarını niyə unuduruq? Başqalarının sırıdığı, doğdurduğu, sonra yan keçib, sahib olmadığı övladları niyə unduruq axı? Övlad həm atasız, həm də anasız qalır, ana öldürülür, ata ananı öldürdüyü üçün həbs edilir. Atasız, anasız böyüyən övlad, uşaq üçün bu necə bir psixoloji travmadır? Ailə dedikdə, göz önünə gördüyü ailə olacaq… Uşaq evlərində uşaqların sayının artması bəs?

Ailədaxili şiddət şəraitində necə bir övlad yetişdiririk? Bunu düşünmüşük? Cəmiyyətimiz deqradasiyaya uğrayır. Bunun nəticəsini, təsirini indi yox, o uşaqlar böyüyəndə daha aydın görəcəyik. Qlobal düşünün, bir ailə faciəsi, dramı olaraq deyildir.

İstənilən növ şiddətin əleyhinəyəm…

Söyülüb, döyülüb, zorlanıb ölməkdənsə, boşanmaq labüddür, can qurtarır. Belə ailəni qorumağa dəyməz. İnsanlar dəyişmir… Həyatınız isə gedir… Vaxtınız, yaşınızı aparır həyat…

Düşünməyə dəyər, məncə…

Nə tələsin, nə gecikin… Zamanında olsun…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma